İntihar cəmiyyətin ən ciddi problemlərindən biridir. Sözsüz ki, cəmiyyətin üzləşdiyi bu problemi media işıqlandırmalı, cəmiyyətə təqdim etməlidir. Bəs media bunu hansı formada etsə, düzgün olar? Zənnimcə, bu məsələ media kapitanlarını, redaktorları o qədər də narahat etmir. Bu mövzuda dəfələrlə müzakirələr aparılsa da, mediamızda bu xəbərlərin tirajlanmasına hələ ciddi nəzarət olunmur. Hələ də qanlı hadisələr həyəcanla, az qala sevinclə, çığır-bağırla təqdim olunur. Şəxsən mənim intihar, ölüm xəbərlərinə gözüm sataşan kimi onu tirajlayan redaktorun, xəbəri hazırlayan jurnalistin sevinc qışqırıqları qulaqlarıma gəlir. Redaktorlar intihar xəbərlərini böyük zövq və həvəslə, sensasion təqdimatla oxucuya sırıyırlar. Çünki intihar xəbərləri çox oxunur, daha çox diqqət çəkir. Hələ işin içində eşq, sevgi, cinsi istismar, təcavüz məsələsi varsa, həmin gün redaktorların, xəbəri yazan jurnalistlərin bayramıdır, çünki xəbər sürətlə oxunduqca İP sayı artacaq, reklam perspektivi yaranacaq. Bu mövzuda dəfələrlə danışdığım, yazdığım üçün yenidən bu məsələni media mənsublarının şəxsi vicdanına buraxıram. İntihar xəbərlərinə, intihar faktlarına həddindən artıq həssas yanaşdığım üçün dəfələrlə bu mövzuya toxunmağı təkrarçılıq hesab etmirəm. Bu məsələylə mübarizənin bir yolu da dəfələrlə mövzuya yenidən qayıdıb, media mənsublarının vicdanını narahat etməkdir. İstənilən halda əsas problem intiharın özüdür və bu ciddi problemin həlli üçün əlimizdən gələni etməliyik. Şəxsən mən bu məsələdə medianın əvəzsiz roluna inanıram. Jurnalist dostlarımızdan bu məsələ ilə bağlı həssaslıq və diqqət göləyirəm. İnsanlar niyə intihar edir və nə üçün bu cəhdlərin qarşısını, demək olar ki, almaq mümkün olmur? Tədqiqatçılar emosional, psixoloji, sosial səbəblər üzündən insanların həyatına son qoymasının axır vaxtlar sürətlə artdığını düşünürlər. Dünyada gündə orta hesabla 1000 insan intihar edir, hər 42 saniyədə bir insan həyatına son qoymaq üçün intihara cəhd edir, 17 dəqiqədən bir bir insan intihar səbəbilə həyatını itirir. Kifayət qədər ciddi və təhlükəli rəqəmdir. Elə ölkəmizdə də intihar xəbərlərinin ardı-arası kəsilmir. Xüsusən bu ayın ilk günündə intihar hadisələrinin sayı artıb. Oxuduğum xəbərlərdən belə nəticəyə gəlmək mümkündür ki, ölkədə son vaxtlar intihara cəhd edənlərin və intihar edərək həyatını itirənlərin əksəriyyəti gənclər və xanımlardır. Ümumiyyətlə, intihar cəhdləri yaş qruplarına və cinsə görə fərqlilik göstərir. Uzun illərin araşdırmalarından gəlinən nəticə budur ki, intihar nəticəsində həyatını itirənlərin 63%-i kişilər, 37%-i qadınlardır. Baş verən intihar cəhdlərinin səbəbləri, təbiri caizsə, rəngarəng və müxtəlifdir. Sosial problemlər, maddi sıxıntılar, uğursuz sevgi, xəyanət, şantaj və s... Həmçinin depressiya və psixoloji problemlər hələ də ciddi risk faktoru olaraq qalır. Problemlərdən çıxış yolu olaraq intiharı seçənləri necə təsbit edə bilərik? İlkin olaraq psixoloji problemi olanlar, tez-tez ölümdən danışanların, şəxsi əşyalarını dost-tanışa paylayanların, ictimai həyatla bütün əlaqələrini kəsməyə çalışanların və ətrafı ilə ünsiyyəti kəsib özünə qapananların intihar etmək riski çox yüksəkdir. Ətrafınızda belə insanlarla rastlaşanda onlara mənəvi dəstək verməyə, zərərli fikirlərdən daşındırmağa, imkan daxilində psixoloji dəstək verən şəxslərə yönləndirməyə çalışın. Əgər tanıdığınız birisinin intihar edəcəyi ehtimalı varsa, ona problemlərdən çıxış yolunu tapmaqda kömək edin, problemlərin həlli yollarını göstərin, dəstək olduğunuzu ciddi şəkildə hiss etdirin. Mümkün olduqda onu fiziki işlərə, idmana cəlb edin, yaxınları və əzizləri qarşısında məsuliyyəti olduğunu, dəyərli olduğunu xatırladın. Xüsusilə gəncləri bu fikirdən daşındırmaq üçün onlara daha çox dəstək olmaq, dəyərli olduqlarını hiss etdirmək lazımdır. Nəzərə alın ki, yaxın ünsiyyətdə olduğunuz birisini, bir kəlmə xoş sözlə,"Sən dəyərlisən, dostum" deməklə intihar fikrindən daşındıra bilərsiniz. Qayğıkeş və diqqətli olmaqla, dostlarınızı dinləməklə, övladlarınızın problemləri və seçimləri ilə maraqlanmaqla, yaxınlarınıza vaxt ayırmaqla onları ölümdən xilas edə bilərsiniz. Sevgi, qayğı, diqqət və "sehrli sözlər" yaxınlarınızı, doğmalarınızı, çevrənizdəki insanları xilas etməyə qadirdir. Təbii ki, bütün sadaladıqlarım mütləq çıxış yolu deyil, amma düşünürəm ki, vaxtında diqqətli və həssas olsaq, yaxınlarımızı ziyanlı düşüncələrdən uzaqlaşdıra, onları intihar kabusundan qoruya bilərik. Əgər ətrafınızda, yaxın qohumlarınız və ya doğmalarınız arasında intihara meyilli insanların olduğunu müşahidə edirsinizsə, gecikmədən belə insanlara dəstək olun. Və ən önəmlisi, gəncləri və yeniyetmələri intihar xəbərlərini tirajlayan, zorakılıq və şiddəti reklam edən xəbər saytlarından, internet resurslarından uzaq tutun. Mediamızdan daha çox həssaslıq və fərqli münasibət gözləyirəm. Ümid edirəm ki, intihar xəbərlərini manşetə çıxaranlar, bir gün intihar əleyhinə maarifləndirici araşdırmalar və materiallar da tirajlayacaqlar.
↧