Hal-hazırda siyasətə biganə axırıncı “obıvatel”in də səhər yuxudan oyanıb xəbər saytlarında cavab axtardığı bir sual var: “Neftin bugünkü qiyməti neçəyədir?” Azərbaycanlı üçün neftin qiyməti bütün suallara cavabdır. Dolların kursundan tutmuş, onun işdə qalıb-qalmayacağına qədər. Ancaq daha bir məsələ insanlara rahatlıq vermir: “Neft niyə ucuzlaşır?” Hər məsələyə olduğu kimi azərbaycanlıların da bu məsələyə klişe cavabı var: “Amerika Rusiyaya görə nefti aşağı salır”. Doğrudanmı neft məhz Rusiyaya görə ucuzlaşır? Bugünkü mətbuata baxsaq görərik ki, siyasi təhlillər SSRİ vaxtında efirə gedən “Beynəlxalq panorama” verilişinin xətti ilə eyni olaraq qalıb. Azərbaycanlılar hələ də dünyanı ABŞ və Rusiyanın (SSRİ) döyüş meydanı kimi təsəvvür edirlər. Sual yaranır ki, Corc Buşun dövründə fantastik neft qiymətləri ilə Putinin gücünə güc qatan supergüc ABŞ deyildimi? İndimi ağıllanıb? Doğrudanmı ABŞ yatıb-durub “Rusiya dağılacaq!” deyir? İki ölkənin dünya iqtisadiyyatındakı payına baxanda isə ortaya fərqli mənzərə çıxır. 2015-ci ilin iyul ayına olan statistikaya görə: ABŞ-ın iqtisadiyyatı dünya ÜDM-nin 23,5%-ni, Rusiya cəmi 2,49%-ni təşkil edir. Arada on dəfə fərq var. Hətta Hindistan Rusiyadan daha çox sərvət istehsal edir. Dünya rəqabətində Rusiya ABŞ-a nəinki düşmən, iqtisadi rəqib belə ola bilmir. Rusiya bu qədər “qudurub”sa Amerika Rusiyanı niyə dağıtmır? Fərz edək ki, bir anlıq dünya cəbhəçi və müsavatçıların mərhum ideoloqu Vəfa Quluzadə kimi qərar verdi. Günün biri Amerika “Rusiya, səni harada tutsam dağıdajam, blət” - dedi və təsir dairəsində olan bütün dünya dövlətlərini bu işə cəlb etdi. Nə baş verər? Nə baş verdiyini Yaxın Şərqdə görə bilərik. 17 milyon əhalisi olan Suriya və 37 milyonluq İraq torpaqlarının yarısı qlobal silah tacirləri üçün döyüş poliqonuna çevrilib. Münaqişələrdə ölənlərin statistikası bir tərəfə, o ölkələri tərk edib Qərbə üz tutan bir neçə milyon dinc qaçqın belə Avropanın kabusuna çevrilməyi bacarıb. Şengen sistemi məhv olmaq üzrədir. Cinayətkarlıq, işlə təminat nəzarətdən çıxıb. Nasizm yenidən avropalılar üçün sığınacağa çevrilir. İş o yerə çatıb ki, Türkiyə belə “qaçqın kartı” ilə Avropaya hədə-qorxu gəlir, istədiyi məbləği tələb edə bilir. Amerika 146 milyonluq Rusiyanı, ən azı Şimali Qafqazı müharibə poliqonuna çevirsə, görün Avropa nə günə qalar. Əminəm ki, Qərb bunu edəcək qədər axmaq deyil. Amerikanın Rusiyanın “dağıtmaq” planı absurddursa, neftin ucuzlaşmasına başqa bir səbəb axtarıb tapmaq lazımdır. Ucuzlaşan neft qiymətləri fonunda Rusiya nəinki Ukrayna ilə kifayətlənmədi, əksinə Suriyada qələbədən-qələbəyə doğru gedir. Yenə qayıdaq azərbaycanlıların dünya siyasətinə baxışına. Siyasi təsəvvürlər hələ də “soyuq müharibə” irsi milli dövlətlərin mübarizəsi müstəvisində qalır. Milli dövlət dedikdə, iynədən tutmuş təyyarəyəcən istehsal edən, xammal alıb sənaye məhsulu satan, öz sərhədləri daxilində supergücə çevrilən dövlət başa düşülür. Klassik ABŞ, SSRİ, Almaniya, Yaponiya rəqabəti kimi. Məsələ ondandır ki, “soyuq müharibə” dövrünün bitməsi və sosialist düşərgəsinin dağılması ilə milli dövlət anlayışı da yox oldu. Əvəzinə qloballaşma anlayışı gəldi. Qloballaşan dünyada isə rəqiblər yox, kvota sahibləri vardır. Prezidentlər yox, “dünya hökuməti” vardır. Bu konspirasiya nəzəriyyəsi kimi səslənə bilər. Lakin reallıqdan qaçmaq mümkün deyil. Məhz qloballaşan dünya siyasətinin diktəsi nəticəsində qapalı, sosialist ölkəsi Çin dünya iqtisadiyyatına ən açıq ölkə halına gəldi. ABŞ əvvəlki qüdrətini itirsə də. Çinlə bərabər Hindistan, Braziliya, Argentina, Türkiyə kimi regional iqtisadi nəhənglər ortaya çıxdı. Qloballaşmanın milli dövlət sistemini çökdürdüyü dövr məhz 2000-2008-ci illərdəki neft yüksəlişi dövrünü əhatə edir. Planet planlı fermer təsərrüfatlarına bölündü. Bu sistemdə Çinə “dünya emalatxanası” rolu verildi. Hindistan informasiya texnologiyaları mərkəzinə, Körfəz ölkələri “neft inəyi”nə, Braziliya “ət kombinatı”na, Argentina, Kanada taxıl və qarğıdalı əkən “GMO tarlası”na çevrildi. Əlbəttə, hər şey öz-özünə baş vermədi. Beynəlxalq maliyyə qurumları Türkiyə və Azərbaycan kimi ölkələrə iri məbləğli kreditlər verərək, kənd təsərrüfatına ayrılan subsidiyaların ləğvinə nail oldular. Ərdoğanın baş nazirliyi dövründə ixracat rekord vursa da, Türkiyə südü, mal ətini xaricdən idxal etmək məcburiyyətində qaldı. Halbuki Türkiyə bir vaxtlar heyvandarlıq ölkəsi kimi tanınırdı. Azərbaycan isə şoranlaşan xam torpaqlar fonunda “neft narkomanı”na çevrildi. Sistem elə qurulmuşdu ki, hamı inkişaf edirdi, hamı razı idi. 2000-2008-ci illərdə neftin bahalaşma templərini yada salsaq görərik ki, qiymətlərdə birja spekulyasiyalarının ciddi rolu vardı. “Əl-Qaidə”nin İraqda terror törətməsi ilə bağlı hər hansı xəbər neft barelinin həmin gün bir neçə dollar artmasının xəbərçisi idi. Sanki neftin bahalaşmasının tək səbəbi ABŞ-İraq müharibəsi və terror aktlarıdır. Azərbaycanda bu günün özündə belə bu fikir hakimdir. İndi müharibə İraqla məhdudlaşmır. Siyahıya Suriya və Yəmən, vətəndaş müharibəsi gedən neft-qaz ölkəsi Liviya da qoşulub. Amma gözlədiyimizin tam əksi baş verir. Respublikaçıların hakimiyyəti dövründə neft spekulyasiyalarının öz missiyası vardı. Müharibə aparmaq bahalı işdir. Hələ-hələ bu müharibə illərlə davam edəcəksə. Napoleonun adına yazılan məşhur ifadəni yada salsaq, müharibə üçün 3 şey lazımdır: “Pul, pul, yenə də pul”. Corc Buşun dostları neft və silah maqnatlarının birja oyunlarının sadə izahı var. Şişirdilmiş büdcə şişirdilmiş xərclər deməkdir. Büdcəyə nə qədər çox pul daxil olursa, hərbi xərcləri də bir o qədər artırmaq problemə çevrilmir. Əks halda Konqres hər an bu bahalı müharibəyə son qoymaq qərarı verə bilərdi. Absurd o həddə çatmışdı ki, tərkibinin əsas hissəsi qara mazut olan neftin bir litri, yüksək oktanlı benzinin bir litrindən baha satılırdı. 2008-ci ilin iyulunda neftin bir bareli 147$ olmuşdu. Fırıldaq çox davam etmədi. 2008-in avqustunda partlayan dünya iqtisadi böhranı nefti 36 dollara qədər aşağı saldı. Məlum oldu ki, Buş və dostları hamıya atıb. 158 illik “Lehman Brothers” bankı, “General Motors” kimi avtomobil nəhəngi bankrot oldu. Böhranla bərabər ABŞ-ın İraqdan qoşunları çıxarması qərarı da gecikmədi. Bill Kliton dövrünün müharibəsiz, lakin stabil inkişafda olan iqtisadiyyatı ilə Buşun pul içində üzən, lakin bir anda hər şeyi itirən iqtisadiyyatının fərqi bu idi. Xatırladım ki, 90-cı illərdə neftin bir bareli 9-20$ arası dəyişirdi. Bu nümunədən müharibə neftə təsir edən əsas səbəb kimi görünsə də, belə deyil. Hətta onu ikinci, üçüncü dərəcəli səbəb adlandırmazdım. Spekulyasiya real iqtisadiyyat deyil. Qlobal iqtisadiyyat isə müharibə üzərində yox, kapitalın dövriyyəsi üzərində dayanır. Müharibə deyilsə, nədir? Niyəsi gələn yazımda... Mir.Az
↧