Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Adlar barədə... bu yazını mütləq OXUYUN

$
0
0
Ad mənalı və gözəl olmalıdır. Bəzən ad insanın məzmununu, yəni kimliyini əks etdirə bilir. Məndən dəfələrlə soruşublar: Bu adı sənə kim qoyubdur? Hətta onu da deyiblər ki, bu adı qoyana Allah rəhmət eləsin. Bunu söyləyənlərin mənim adımdan xoşları gəlibdir. Orta Asiyada, Türkiyədə olduğum elmi tədbirlərdə adımla bağlı məmnun münasibətləri çox görmüşəm. Hətta adımın məzmununa varanda nə qədər məmnun olduqlarının da dəfələrlə şahidi olmuşam. 1992-ci ilin oktyabr ayında Bişkekdə qırğız xalqının görkəmli dilçisi, dramaturqu, şairi Kasım Tınıstanovun 90 illiyinə həsr olunmuş elmi konfransda iştirak edirdim. Təntənəli şəkildə təşkil olunmuş konfransda mənim adımın maraq doğurduğunu iştirakçıların münasibətindən hiss edirdim. Hətta bəzi konfrans iştirakçıları can atırdı ki, adımın mənası ilə bağlı mənimlə həmsöhbət olsunlar. Hiss edirdim ki, adım və adımın mənası konfrans iştirakçılarının hər birini maraqlandırır. Konfransla bağlı təşkil olunmuş ziyafətdə mənə xüsusi olaraq söz verildi. Və bunun əsas səbəbi də məhz adımın hər bir kəsin marağında olmasıydı. Hətta adımı və onun mənasını başa düşənlərin hər biri başqa dillərdə də mənim adımın hərfi tərcüməsini axtarır, maraqlı müqayisələr aparırdılar. Yadımdadır ki, 2006-cı ildə (dekabrda) Türkiyənin Ankara şəhərində “Orxon-Yenisey” yazılı abidələrinə həsr olunmuş konfrans keçirilirdi. Konfransda dünyanın müxtəlif yerlərindən gəlmiş türkoloqlar iştirak edirdi. Şimali Kiprdən altayşünas alim İqor Kormuşin də gəlmişdi. O, Leninqradda (indiki Sankt-Peterburq) yaşayıb fəaliyyət göstərən altayşünas alim olsa da, həmin vaxt Şimali Kiprdə çalışırdı. Həyat yoldaşı ilə birgə Şimali Kiprdən gələn nümayəndə kimi Ankaradakı konfransa qatılmışdı. Mənim adım onun da, həyat yoldaşının da marağına səbəb oldu. Adımın mənasını biləndən sonra İqor Kormuşinin həyat yoldaşı rəğbət əlaməti olaraq mənə tısbağa kuklasını bağışladı. Yəqin ki, tısbağa uzunömürlüyün simvolu olduğu üçün, İqor Kormuşinin həyat yoldaşı mənə təsbağa kuklasını hədiyyə etdi. Mən indi də həmin simvolik hədiyyəni qoruyuram. Müxtəlif televiziyaların əməkdaşları adlarımızla bağlı məndən müsahibə alanda adımın onlar üçün nə qədər maraqlı olduğunu hiss etmişəm. Hiss etmişəm ki, doğrudan da, ad insanın yaraşığıdır. Adın mənalı olması insanları başqalarına sevdirir. Yəni mənalı ad başqaları tərəfindən xoş qəbul olunur, həm də başqaları tərəfindən xoş qarşılanır. Bunu övladına ad verən hər bir kəs başa düşməlidir. Tarix boyu övladlara adları babalar, nənələr, atalar, analar veribdir. Adın daşıdığı önəmi başa düşənlər övladlarına təsadüfi ad seçməyibdir. Verdikləri adların ifadə etdiyi mənanı əsas sayıblar. Hətta elə mənalı adları seçib övladlarına veriblər ki, həmin adların sonradan başqaları tərəfindən daşınmasına razı olmayıblar. El-obada olan hər hansı bir adı valideynlər dünyaya gələn övladlarına verərkən el-oba camaatından icazə alıblar. Yəni həmin adı ilk dəfə daşıyan adamın özündən, yaxud qohum-əqrabasından icazə istəyiblər. Bəzən buna icazəni ala bilməyənlərlə yanaşı, mincür əzab-əziyyətlə alanlar da olubdur. Bunların hamısı vaxtilə ada olan hörmətin, ehtiramın və diqqətin nümunəsidir. Belə nümunələr yaxşı dəyər kimi yaşamalıdır. Hətta el-obada mövcud olan hər hansı bir adın icazəsini almadan övladına həmin adı verənlər qohum, qonşu tərəfindən qınaq yerinə də çevrilibdir. Bax mənim adımı rəhmətlik ata nənəm Kişvər xanım xoş bir niyyətlə qoyubdur. O, heç kəsə verilməyən, heç kəsin adı kimi işlənməyən bu adı işləkliyə gətiribdir. Bu, əslində nənəmin ad sistemimizi zənginləşdirməsidir. Belə nənələrimiz, babalarımız həmişə olubdur və olacaqdır. Onlar həmişə ad sistemimizə, mənəvi dünyamıza, dəyərlərimizə xeyli fayda veriblər. Dünyaya gələn övladlara ad verəndə “Adını mən verdim, bəxtini Allah versin” deyiblər. Ancaq bu da həqiqətdir ki, mənalı adı daşıyanların bir çoxunun həyat və fəaliyyəti də mənalı olubdur. Bəzən ad insanların həyatında böyük rol oynayıbdır. Bu mənada ad seçimi elə olmalıdır ki, nə gələcəkdə həmin adı daşıyan şəxs utansın, nə də başqaları o ada istehza ilə yanaşsın. Onu da qeyd edək ki, hər bir insanın doğum və ad günü fərqlidir. Doğulduğu gün insanın dünyaya gəldiyi gündür. Ad günü isə ona ad verilən gündür. Bunlar bir-birindən fərqli günlər, tarixlərdir. Ancaq insanların böyük əksəriyyəti ad günü dedikdə doğum gününü nəzərdə tutur. Ona görə də doğum gününü təbrik edirəm ifadəsi ad gününü təbrik edirəm ifadəsindən daha düzgündür. İnsan ilk dəfə tanıdığı adamın adı səslənəndə onun adına və adının mənasına diqqətini yönəldir. Ad mənalıdırsa, həmin insana ilk münasibət xoş, yəni yaxşı olur. Sonra həmin adı daşıyan adamın kimliyi gəlir. Hər halda kimlik addan sonra gəlir. Kimlik adın arxasında gizlənə bilir. Kimlik aşkar olunduqdan sonra, kimlik tanındıqdan sonra adın mənası ilə birləşir. Adının mənası yaxşı təsir bağışlayan və kimliyi yaxşı olan adamlar xoşbəxtdir. Adlarının mənası yaxşı təsir bağışlayan, ancaq kimliyi yaxşı olmayan adamlar adına yaraşmayan adamlardır. Adlarının mənası yaxşı olmayan və kimliyi yaxşı olmayan adamlar isə bədbəxt adamlardır. Bu baxımdan xoşbəxt olanlar da, adına yaraşmayanlar da vardır. Bədbəxtlər də az deyildir. Belə bir fikir var: Tarix elmi coğrafiya elmi üçün vaxtdır, zamandır. Coğrafiya elmi isə tarix elmi üçün məkandır. Bu fikri yada salmağım təsadüfi deyil. Belə ki, adın özü bir tarixdir. Və bu tarix müəyyən bir məkanda yaşayır. Bu mənada yer-yurd adlarımız da müəyyən məkanda tarixi yaşadır. Bununla da tarix ilə məkan bir-birinin təminatçısı olur. Bizim hər birimiz tarixə müraciət etməklə həm də öyrəndiyimiz tarixin bağlı olduğu məkanı tanıyırıq. Həm də məkanları öyrənməklə tarixə baş vurmuş oluruq. Mən adlarımıza həm də tarix kimi baxıram. Məsələn: Kolxoz, Sovxoz, Kollektiv, Marks, Darvin və s. tipli adlar tarixin müəyyən anlarından, məqamlarından, siyasi-ideoloji tərəflərindən xəbər verir. Biz bu adlar vasitəsilə həm də tarixi öyrənə bilirik. Ancaq öyrənirik deyə bu adları yaşada bilmərik. Çünki ən azı bu adlar qondarma adlar kimi, vaxtilə ad sistemində özünə yer almışdır. Mən həm də tarixi yaşadan məkanları da qəbul edirəm. Qəbul edirəm o mənada ki, məkanlar (yer-yurd adları) o qədər tarixi faktları qoruyub saxlayır ki, onu heç bir mənbə ilə müqayisə etmək olmaz. Sadəcə olaraq məkanların hər birini dərindən öyrənməliyik. Bu mənada tariximizin müəyyən məqamalrını yaşadan bir məkandan bəhs etmək istəyirəm. Həmin məkan Leninakan (indiki Gümrü) şəhəridir. Vaxtilə Leninakan şəhərində, indiki Gümrü şəhərində tarixən azərbaycanlılar – türklər yaşamışdır. Sonralar Suriyadan, Misirdən, Yunanıstandan, Türkiyədən gələn (köçürülüb gələn) ermənilər hesabına burada ermənilər məskən salmış və çoxalmışdır. Həm də məkanın sosial-etnik tərkibi dəyişmişdir. Bundan başqa, Leninakan, indiki Gümrü şəhərinin ətrafındakı bütün kəndlər azərbaycanlı – türk kəndləri olmuşdur. Sonralar həmin kəndlərdə də ermənilər yerləşdirilmiş və sayları çoxalmışdır. Məsələn, Leninakan, indiki Gümrü ətrafındakı azərbaycanlı – türk kəndləri bunlar olmuşdur: Bacıoğlu, Ocaqqulu, Mollamusa, Taharlı, Horom, Qapılı, Cələb, Kapısın dərəsi, Aralıq, Sarıyar və s. Bu kəndlərdə sonralar ermənilər yerləşdirilsə də, kəndlərin adı azərbaycan – türk mənşəli olaraq qalmışdır. Bununla yanaşı, Leninakan, indiki Gümrü ətrafındakı bəzi azərbaycan-türk kəndlərinin adını sonralar ermənilər dəyişibdir. Məsələn, ermənilər Cələb kəndini Cradzor, Qaraməmməd kəndini Meğraşad ediblər. Yəni bu kəndlərin adını dəyişiblər. Sovet hökuməti yarandıqdan sonra Amasiyada – Ağbabada (Leninakanın, indiki Gümrünün ətrafındakı bölgə) bu hökuməti qəbul etməyənlər olubdur. Onlar etiraz əlaməti olaraq yaşadıqları dədə-baba yurdlarından Türkiyəyə köçüb gediblər. Beləliklə, bu kəndlər ölü kəndlərə çevrilibdir: Qızılkilsə, Söyüdlü, Mustuqlu, Seldağılan, Ördəkli, Şiştəpə, Baxçalı, Mustuqlu, Mumuxan, Sınıx, Bəzirgan, Bacıoğlu, Ocaqqulu, Qarakilsə, Qızıldaş, Kınık, Böyük Qımılı, Kiçik Qımılı və s. Bəzi kəndlər isə ölü kəndlərə çevrilsə də, sonralar Ağbabanın digər ərazilərindən buraya köçüb kəndi bərpa ediblər. Məsələn, İbiş, Qarabulaq kəndləri belə kəndlərdən olubdur. Bunları ona görə qeyd edirəm ki, adlarımızın başına (yer-yurd adlarının) ermənilər olmazın oyun açıblar. Bu, azmış kimi bəzən özümüz də adlarımıza (xüsusilə milli adlarımıza) biganəlik göstərmişik. Hələ də yer-yurdlarımızın qədim adlarını yaşadan qaynaqlardan istifadə edərək yaşayış məskənlərimizin xəritəsini tərtib etmirik. Yaşayış yerlərimizlə bağlı tarixi həqiqətlərin salnaməsini yazmırıq. Yer-yurd adları həmin yerin, yurdun pasportudur. Adları dəyişmək pasportu dəyişməkdir. Bu cür pasportu dəyişmiş yer-yurd adlarımız az deyildir. Pasportdan söz düşmüşkən öz başıma gələn bir hadisəni qeyd etmək istəyirəm. 1985-ci ilin iyul ayında (iyul ayının əvvəllərində), II kursu bitirən kimi bizi hərbi xidmətə apardılar. Ona görə də mən valideynlərimlə görüşmək üçün Bakıdan rayonumuza (kəndimizə) getməli oldum. Rayondan geri qayıtdıqdan sonra Bakıdan hərbi xidmətə getməliydim. Vaxt çox az olduğu üçün Bakıya qayıdanda Leninakan (indiki Gümrü) şəhərindən təyyarə ilə uçmaq məcburiyyətində qaldım. Atam ilə birgə Leninakan (indiki Gümrü) şəhərinin aeroportuna bilet almağa gəldik. Mən bilet satan xanıma pasportumu verdim və rus dilində müraciət etdim ki, mənə Bakı şəhərinə bir bilet versin. Bilet satan xanım daxil olmaqla bütün ermənilər mənim üstümə düşdülər. Hərəsi bir yandan mənə hücum etdilər. Hücumun səbəbi o idi ki, mən rus dilində bilet satan xanıma müraciət etmişdim. Gərək erməni dilində danışaydım ki, bu da onların xoşuna gələydi. Belə bir vəziyyətdə atamın təcrübəsi hər şeyi həll etdi. O, ermənilərin dilini yaxşı bilirdi. Və öz dillərində onları ram etdi. Birtəhər bilet aldım. Ancaq bu hadisə məni o vaxtdan düşündürürdü. Ona görə düşündürürdü ki, bu ermənilərin şovinistliyi həddini aşmışdı. O hadisədən sonra mən erməniləri və onların xislətini bir daha tanıdım. Belə hadisələrin şahidi olanlar yəqin ki, az deyildir. Bir hadisəni də qeyd edib məqsədimin nədən ibarət olduğunu söyləyəcəyəm. I kursu bitirdikdən sonra rayona getmişdim. Özümə paltar almaq üçün Leninakan (indiki Gümrü) şəhərinə getdim. Dükandan kostyum alarkən erməni qıza rusca müraciət etdim. Onun bundan xoşu gəlmədi. Mənə kostyumu satmadı. Bilirdim ki, bu barədə kimə müraciət etsəm də, mənə kömək etməyəcəkdir. Sözümün canı ondadır ki, bu şovinist ermənilər onların dilində danışmayanları qəbul etmir, onların istəklərini həyata keçirmir, özlərinə yaxın buraxmırdılar. Biz isə nədənsə başqa dildə danışmaqdan daha çox həzz alırıq. Bununla da dilin ruhuna toxunuruq. Dilin ruhuna toxunmaqla dili incidirik. Axı görkəmli dilçi V.Humboldt “Bir millətin dili ruhudur, ruhu da dilidir” demişdir. Hətta Məhəmməd adını Məmməd, daha sonra Mamed şəklinə salırıq. Özümüzü yormamaq üçün Məhəmməd əvəzinə Məmməd, yaxud da Mamed deyirik. Əgər bunu canımıza cəfa verməmək üçün ediriksə, bəs onda gülünc mənası olan adları niyə istifadə edirik? Həmin mənası olmayan gülünc adları tarix boyu övladlarımıza vermişik, ad sistemində yaşatmışıq. Məsələn: Bədil, Bircan, Bəzək, Dəxil, Dəfinə, Çervon, Çələng, Cılğız, Cicigül, Cərulla, Cığa, Cazilə, Carçı, Camo, Canrülə, Canəssa, Düymə, Ehsan, Əbabil, Əbi, Əbiş, Əda, Əcəb, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Fəti, Fərmayiş, Gerçək, Gorus, Güldan, Haqq, Həddad, Həkkak, Həmzat və s. adlar ad sistemini gülünc bir vəziyyətə salır. Hətta mənaları gülünc doğuran Dalğın, Dilənçi, Fağır, Fani və s. kimi adlar da yersiz işlənmiş adlardır. Bunların hamısının ad sistemindən çıxarılması vacibdir. Adlarımız içərisində elələri var ki, mənaları gülüş doğurmaya bilmir. Məsələn: Almadərən, Almaxanım, Malagedən, Yaralı, Axan və s. Bu qəbildən olan adların bəziləri sonradan soyadı kimi də işlənmişdir. Məsələn: Yaralıyev, Qarabığov, Axmaqov//Axmağov, Sailov və s. Bəzi adlarımız və soyadlarımız isə daha qədim dövrlərlə səsləşir, onların mənası çoxlarına aydın olmadığı üçün ya qəbul olunmur, ya da anlaşılmır. Məsələn: Şivilov, Şelemenov (rus dilindəki Solomentçev soyadı da bu kökdəndir), Alqazax (şəxs adı), Alqazaxov (soyadı) və s. Dilimizdəki bəzi adlar təkcə məna baxımından deyil, həm də məntiqi baxımdan ad sisteminə xələl gətirir. Məsələn: Müxtəsər, Mülkədar, Tədbir və s. Yeri gəlmişkən Tədbir adı ilə bağlı bir hadisəni söyləmək istəyirəm. Bir dəfə Neftçala rayonunda “Dədə Qorqud”la bağlı tədbir təşkil olunmuşdu. Tədbirdən sonra bir yaşlı adam qonaqlara (bizə) yaxınlaşdı və tədbirin yaxşı keçdiyini dedi. Başqa birisi də bizə dedi ki, bu yoldaşın adı Tədbirdir. Və fürsətdən istifadə edib zarafatla onu da əlavə etdi ki, Tədbir deyir ki, tədbir yaxşı keçdi. Bu hadisə hamıda gülüş yaratdı. Mülkədar, Müxtəsər, Cahil, Qumuş (qız adı), Umuş (qız adı), Dədəbacı, Narsut, Meydanağa, Dekabr, Dədəbala, Yanvar, Xozeyin və s. adlar da dilimizin milli ruhuna toxunan adlardır. Belə adlar da ad sisteminə nüfuz gətirmir. Təsadüfi deyilməmişdir ki, türk dili hünər dilidir. Təbii ki, Azərbaycan dili də bu hünər dilinin bir qoludur. Türk dillərində, o cümlədən Azərbaycan dilində adlar sistemində olan sözlərin mayası hünərdən yoğrulmuşdur. Məhz mayası hünərdən yoğrulmuş adlarımızı işləkliyə gətirmək lazımdır. Bunu etsək, dilimizin adlar sistemindəki qüsurları düzəltmiş olarıq və adlarımızın ruhunu özünə qaytarmaq yolunda uğurlu iş görərik. Buludxan Xəlilov filologiya üzrə elmlər doktoru, professor Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ