Azərbaycanlı vəhabilərin Mir Mövsüm Ağa (Ətağa) haqqında danışdıqları cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Belə ki, vəhabilər Mir Mövsüm Ağanı kazbek çəkən, nəşəxor, bacısını isə cadugər biri kimi təqdim etmələri həm də qəzəblə qarşılanıb, ilahiyyatçı alimlər belə məsələyə biganə qalmayıblar. Məsələ ilə bağlı danışan Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Cəmal Əzimbəyli hüquq mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik Xidmətinin bu məsələ ilə ciddi məşğul olmalı olduğunu, bu kimi videoların dövlətə təhdid xarakteri daşıdığını bildirib: “Hansı dönəm olursa olsun, milli manefelərimizin qorunmasında Azərbaycan əhli-beyt mənsublarının misilsiz xidmətləri var. Bunu hər zaman Azərbaycan dövləti və xalqı qiymətləndirib və alqışlayıb. Son dövrlər vəhşi müsəlman obrazı yaratmağa cəhd edən bir qrup təkbirçi, özündən başqa olmayanları lənətləyən, şər-böhtan atan insanlar aktivləşməyə başlayıb. Bu kimi videoların yayınlanması onların Azərbaycanda da aktivləşməsinə bir işarədir. Düşünürəm ki, bu məsələ hüquq mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik əməkdaşlarının daim diqqətində olmalı bir məsələdir. Gələcəkdə bunun qarşısı alınmasa, bu, böyük bir fəsadlarla, faciələrlə nəticələnə bilər. Bu videonu çəkənlər və bu videonu yayanlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidir. İdeoloji baxımdan Qafqaz Müsəlmanlar İdarəsi, Dini İşlər Üzrə Dövlət Komitəsi daim lazımi addımlar atır, amma hüquq mühafizə orqanları, güc strukturları da məsələni nəzarətdə saxlamalıdır. Bu kimi videomateriallar ölkəmizin milli mənafeyinə, dövlət maraqlarına zidd məsələdir”. Həmçinin, Seyid Camal Əzimbəyli həmin videomaterialı hazırlayanları İraqda, Suriyada insanların başını kəsən, 6 yaşlı qız uşağının namusunu ləkələyənlər adlandırdı: “Mirmövsüm ağa şəcərəsi gerçək əhli-beytə dayanan mübarək bir insandır. Nəinki ona qarşı, istənilən mübarək insanlara qarşı bu cür videomaterialların yayılması ciddi fəsadlarla nəticələnə bilər. Adi insanlar Mirmövsüm ağaya tapınmırlar. Sadəcə olaraq, onun vəsiləti ilə Allaha tapınırlar. İraqda, Suriyada körpələrin, böyüklərin başını kəsən, 6 yaşlı qız uşaqlarının namusuna toxunan bəzi insanlar Azərbaycanda bəzi dəyərləri aradan çıxartmaq, Azərbaycanda gələcəkdə böyük faciə və müsibətlər yaşatmaq üçün şəfqət dini olan İslam dininə xələl gətirmək istəyirlər. Ümidvaram ki, Azərbaycan xalqı belə bir təxribatlara uymayacaq”.
↧