Ərzaq məhsulu olan xörək duzu kimyada natrium xlorid (NaCl) adı ilə tanınan ağ kristal quruluşlu birləşmədir. İnsan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur. Bəsit kimyəvi quruluşu olan duzdan dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. Duzu nə qədər işlətməli? Ağ zəhər kimi tarixə düşən duz bədənin əsas ehtiyatlarını ödəməyə xidmət etməklə yanaşı, ölümcül dərəcədə zərər də verə bilir. Yediyimiz təbii qidaların tərkibində çox az da olsa, duz vardır. Duzlar həm ləzzət, həm də sağlamlıq (qidaların bədən tərəfindən həzm olunmasına kömək edir) üçün istifadə edilir. İnsanın gündəlik duz tələbatının 10-15 qr olmasına baxmayaraq, ləzzət, dad üçün duz işlətməyimiz onu günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması və göz ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Bildiyimiz kimi, Azərbaycan milləti də çox duz yeməyi xoşlayır. Həkimlər tərəfindən həmişə az duz işlədilməsi məsləhət görülsə də, bu, insanlara siqareti tərgitmək kimi çətin görünür. Nə üçün duz yerinə təbii dadlandırıcılardan istifadə etmək lazımdır? Biz duzun işlədilməsinə qarşı deyilik. Hər yemək zamanı çox cüzi miqdarda duz işlətmək olar. Ancaq Azərbaycan mətbəxində duz ifrat səviyyədə işlədilir. Digər tərəfdən alınan duzların təbii qaya və dəniz duzu olmaması məsələni daha da ciddiləşdirir. Hər yeməyə başlamadan öncə bir barmaq ucu qədər duzu dilimizə vurub yeməyə başlayırıq. Yemək bitdikdən sonra da bir barmaq ucu qədər duzu yenə həmin şəkildə yeyərək qidaların həzm olunma gücünü artırırıq. Bu, bədənin sağlamlığına kömək edir. Ancaq bu təqdirdə daha yemək yeyərkən duz işlətməyin. Duzun mətbəxə daxil olma tarixi Deyilənlərə görə, duz ilk dəfə mətbəxə türklər tərəfindən daxil edilmişdir. Belə ki Türk xanın oğlu Tütək xan çöl düzündə ətdən hazırlanmış kabab yeyərkən əlindəki ət tikəsi yerə düşübmüş. Onu qaldırıb yedikdə tikənin dadının dəyişdiyini hiss edibmiş. Ona məlum olmuşdur ki, bu duzdur və o zamandan etibarən duzdan mətbəxdə istifadə olunmuşdur.( Əbülqazi Bahadur Xan «Şəcəreyi-Tərakimə» Bakı, 2002) Duzun hədislər baxımından faydası Əli (ə) buyurub: «Yeməyinizi duzla başlayın. Əgər camaat duzun faydasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı».(«Vəsailuş-Şiə», c.16, səh.520, hədis 3) Məişətdə duz. • Siz qızılgül ətrini xoşlayırsınız? Özünüz evdə qızılgül ətirli hava təmizləyicisi düzəltmək istəyirsiz? Onda qulaq asın: Kiçik bir şüşə dərman qabı (o quruluşda duz qabı və s. də olar) götürüb, içərisinə qızılgül ləçəklərini qoyun və onların da üzərini duzlayın. Sonra qapağı bağlayın. Bundan sonra qızılgülün ətrini duymaq üçün qapağı açıb, şüşəni yüngülcə tərpətmək kifayətdir. • Qarışqaları evdən uzaqlaşdırmaq üçün onların qidalandığı yerlərə duz qarışığı püskürdün. Qarışqalar bundan sonra yox olmalıdırlar. • Soyutma yumurta bişirərkən suyuna duz atsanız, qabığı daha rahat soyulacaq. Toyuq yumurtasının təzə olub-olmadığını yoxlamaq üçün bir fincan suya bir çay qaşığı duz töküb qarışdırın. Yoxlamaq istədiyiniz yumurtanı həmin suya qoyun. Əgər suda üzsə, ondan istifadə etmək məsləhət deyil. Əgər yumurta həmin suda batarsa, deməli, təzədir. • Bir fincan südə bir çimdik duz töksəniz, daha uzun müddət qalacaq. • Dəsmalın parlaq və təzə qalması üçün yuyacağınız suya ( yuyucu tozdan əlavə) bir neçə qaşıq duz əlavə edin. Belə etsəniz, onun rəngləri daha parlaq, parçası isə daha davamlı olacaq. Duzun istifadəsinə dair məsləhətlər • Bişirməzdən əvvəl kofeyə bir neçə duz dənəciyi əlavə etdikdə onun ətrini gücləndirir. • Əgər şüşə stəkanları duzlu suda yuyub sonra soyuq suda yaxalasanız, onlar şəffaf olacaq və büllur kimi parıldayacaq. • Çox yanmış qazanın və ya tavanın içərisini təmizləmək üçün ora qalın şəkildə duz töküb, bir neçə saat saxlamaq lazımdır. • Əgər paltara yağ düşübsə və əl altında heç bir ləkə təmizləyiciniz yoxdursa, ləkənin üzərinə duz töküb ehtiyatla silin. Bu işi bir neçə dəfə (ləkə gedənə qədər) təkrar edin. • Mətbəxdəki qaz plitəsindəki yağlı ləkələri belə apara bilərsiz: qaynar plitənin üzərinə çox miqdarda duz töküb, qəzetlə silin. • Qabları kofe ləkəsindən təmizləmək üçün onu duzlu su ilə yumaq lazımdır. • Əgər tünd ipək və sətindən olan geyimlərinizi yuduqdan sonra soyuq, duzlu suda (5 litr suya 125 qr duz) yaxalasanız, onların rəngi solmaz, əksinə, parlaqlığını uzun müddət saxlayar. • Rəngli saplarla işlənmiş süfrəni yumazdan əvvəl duzlu suda saxlayın(1 litr suya 1-2 çay qaşığı duz), sonra suya çəkin. • Burun dəsmallarını qatı duzlu suda islatdıqda, daha rahat yuyulur. • Yuyulmuş əl-üz dəsmallarını (və həmin materialdan olan bütün əşyaları) yuduqdan sonra 15 dəqiqə duzlu suda saxlasanız, yumşaq və qabarıq olarlar. • Saralmış pərdələri yumazdan öncə duzlu suda saxlayın. • Bütün camaşırların yuyulması zamanı (ipək və yundan olan əşyalar istisnadır) paltaryuyan maşına duz əlavə edin(1 litr suya 1 xörək qaşığı duz). Bu, həm ləkələrdən xilas olmaq üçün, həm də yuyucu toza qənaət etmək üçün əla vasitədir. • Nişastalanmış ağları ütüləyərkən yapışmasın deyə, nişastaya bir az duz əlavə edin. • Xovlu xalçaya narın duz səpib sərt fırça ilə təmizləsəniz, xalçaya parlaqlıq verəcəksiniz. • Əgər xalçaya tökülmüş mürəkkəbin üzərinə bol şəkildə duz töksəniz, mürəkkəbdən əsər-əlamət qalmaz. • Duz həm də qayçı, bıçaq və belləri təmizləmək üçün işə yarayır. Belə əşyaları zəif duzlanmış məhlulun içərisində yarım saat saxlayın, sonra silmədən itiləyin. • Suya bir az duz əlavə edərək pəncərə şüşələrini silsəniz, daha yaxşı yuyulacaq. • Nəm odun tez yansın deyə, üzərinə kerosin tökmək lazım deyil. Üzərinə bir çimdik duz tökmək kifayətdir. • Süpürgəni istifadə etməyə başlamazdan öncə 2-3 saat qaynar duzlu suda islatmaq onu möhkəm edər və qırılmasının qarşısını alar. • Bir çimdik duz yumurtanın ağını tez çalmağa kömək edir. Çalınmış yumurta ağına vanilli şəkər tozu və qaymaq əlavə etsəniz, dadlı vanilli krem alınacaq. • İçərisində yarma olan şüşəni həşəratlardan qorumaq üçün ora içərisində duz olan tənzifli paketlər qoyun. • Qızmış yağ ətrafa sıçramasın deyə,tavaya bir qədər duz səpin. Bu üsul həm də balıq qızardarkən onun yanmasının qarşısını alır. • Əgər əllərinizi duza batırsanız, balığı rahat təmizləyə bilərsiniz. Bu üsul balığın sürüşüb əldən çıxmasının qarşısını alır. • Əgər balığın və ya toyuğun ödü dağılıbsa, acı yeri diqqətli şəkildə duzla silib, su ilə yumaq lazımdır. • Təzə çıxmış kartof tez təmizlənsin deyə, salafan torbaya qoyub duz tökün və intensiv şəkildə silin. • Əgər blin bişirmək istəyirsinizsə, tavanı yaxşı-yaxşı duzla silin. Belə etsəniz, xəmir koma halında yığışmaz. • Tərəvəzləri duzlu suda bişirmək yaxşıdır, amma bilməlisiniz ki, belə etdikdə çuğundur dadını itirir, yaşıl noxud isə gec bişir. • Quru göbələkləri bişirdiyiniz südə bir qədər duz əlavə etsəniz, təzə göbələk dadı verəcək. • İsti havada yağ əriməsin deyə, yağ qabını duzlu suda islanmış parçaya bükmək lazımdır. • Əgər yumurtanın qabığında çat yeri varsa, onu duzlu suda qaynadın. • Tərəvəzi cücülərdən təmizləmək üçün onları bişirməzdən əvvəl duzlu suya qoymaq lazımdır. • Peçenye sobada yanmasın deyə, formanın (qəlibin) altına duz səpilməlidir. • Bataqlıq iyi verən balığı çox duzlu olan soyuq suda yumaq lazımdır.
↧