“Kahinlik edən, kahinə gedən, sehr, cadu edən, etdirən və bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. İslamda təbiət qüvvələri, fizika, kimya və biologiya qanunları xaricində gizli vasitələrdən istifadə edərək qəribəliklər ortaya qoyan işə, müsəlman olmayanlardan ortaya çıxan adət dışı şeylərə, caduya “sehr” deyilir. “Əl-Hadikat-ün-Nədiyyə”dəki bir hədis-i şərifdə Peyğəmbər əfəndimizin dilindən deyilir: “Kahinlik edən və kahinə gedən və sehr, cadu edən və etdirən və bunlara inanan bizdən deyildir. “Quran-i Kərim”ə inanmamışdır”. “İhya”dakı digər bir hədis-i şərifdə “Müsəlman cadu etməz, imanı getdikdən sonra cadusu təsir edər”” deyilir. Lakin buna baxmayaraq bəzi müsəlman mollalar hətta kitab açaraq fala baxır, “bəxt açır”, “bəxt bağlayır”… Əbdülhakim Arvasi sehrin, cadunun həqiqətən insanları xəstə etdiyini, sevgi və ya məhəbbətsizliyə düçar etdiyini, yəni cəsədə və ruha təsir etdiyini, qadın və uşaqlara daha çox təsir etdiyini yazır. Muhamməd Masum Faruki demişdir: “Həqiqi mömin batil inanclara inanmaz, sehr, uğursuzluq, fal, ovsun, “Quran-i Kərim”dən başqa şeylə yazılı muska, mavi muncuğa, kəhanət və buna bənzər şeylərə, bunların mütləq bir iş görəcəyinə, məzarlara şam qoyanlara, tel və iplik bağlamağa etibar etməz və kəramət sahibi olduğunu söyləyən saxtakarlara inanmaz”. Əgər bunları nəzərə alıb türk-İslam aləminə göz gəzdirəsi olsaq, onda bu gün və bundan qat-qat əvvəl bunları edənlərin müsəlman olmadığı ortaya çıxır… Abdullah ibni Abbasın məlumatına görə, Məhəmməd peyğəmbərdən əvvəl şeytanlar göylərə çıxır, mələklərdən eşitdiklərini kahinlərə xəbər verirdilər. Peyğəmbərdən sonra onlara göylərə çıxmaq yasaqlandı. İslam aləmində istidrac kafir və fasıklarda, yəni açıq-açığına günah işlədən müsəlmanlarda görünən adət dışı, xarüküladə, qeyri-adi hallardır. Buna məkr-i ilahi də deyilir. Ancaq, əgər eyni adət dışı, xarükuladə, qeyri-adi hal, qabiliyyət mömin müsəlmanda, vəlidə görünürsə, buna firasət, kəramət, həmin şəxslərə “Allahü təalanın sevgili qulları” deyilir. Əslində lüğətdə kəramət ərəbcə qəribə, qeyri-adi, insanın imkanları dışında olan, insanları heyran qoyan, heyrətə gətirən şey anlamındadır. “Hansı peyğəmbərin ümmətindən olursa olsun, vəlilərdən adət dışı, yəni fizika, kimya və fiziologiya qanunları dışında meydana gələn şeylər, hadisələr, üstünlüklər kəramət adlandırılır…”. Yəni dinindən asılı olmayaraq hər kəsin, istər müsəlmanların, istərsə də qeyri-müsəlmanların (İslamda kafirlərin – G.Y.) göstərdiyi və adi insanı heyran qoyan, heyrətə gətirən hər şey kəramət və ya istidrac sayıla bilər. Bundan başqa möcüzə də var. Bu da İslamda yalnız peyğəmbərlərə aid edilir. Məsələn, Musa peyğəmbərin əsası ilan olub sehrbazların sehir alətlərini udur, İsa peyğəmbər ölüləri dirildir, korların gözlərini açır, Məhəmməd peyğəmbər isə “Quran-i Kərim”i insanlara bəxş edir. Harputlu İshak Əfəndiyə görə, Məhəmməd peyğəmbərin mindən artıq möcüzəsi vardı. Merac möcüzəsi, Şakk-ı qəmər möcüzəsi (Ayın ikiyə bölünməsi), barmaqlarından su fışqırması, Kabe-i muazzam içindəki bütlərin barmağının bir işarəsilə üz üstə düşmələri, ölüləri diriltməsi, yaralılara və xəstələrə şəfa verməsi də bu möcüzələrdəndir. Peyğəmbər olacaq şəxslərin adət dışı, yəni xarüküladə, qeyri-adi hallarına isə irhas deyilir. İsa peyğəmbərin beşikdə danışması, quru ağacdan təzə xurma istəyən kimi əlinə xurma gəlməsi, Məhəmməd peyğəmbərin uşaq vaxtı köksünün yarılması, ağacların, daşların ona salam verməsi və s. İrhasdır. Dini mətnlərdə yazılır ki, övliyanın kəramət göstərməsi lazım deyildir. Bunlar kəramət göstərmək istəməzlər. Allahü təaladan utanarlar. Övliyanın kəramətlərini haqq və doğru sayan İslam məntiqi ilə eyni şeyləri göstərən qeyri-müsəlmanlarda bunu sehr və cadu kimi qəbul edən din adamları bir tərəfdən “övliyanın kəramətinə inanmaq lazımdır” desələr də, onlar bu kəramətlərin ikiyə bölündüyünü, birincinin “kəşf” olduğunu vurğulayırlar. “Kəşf” qapalı şeyin üstündən örtüyü qaldırmaq, xəyal aynasında bir çox şeyləri görmək deməkdir. Buna biz bəsirət gözünün açıq olması da deyə bilərik. Çünki belə insanlar başqalarının görə bilmədiklərini görə bilirlər. Buna bənzər terminlərdən biri də firasətdir. Yuxarıda qeyd etdiyimiz kimi, firasət peyğəmbər ümmətindən vəli olmayanlarda görünür. Onlar insanın ürəyini oxuyur, gözlə görülə bilinməyən şeyləri görürlər. Təsadüfi deyil ki, İmam-i Tirmizi və İmam-i Taberaninin kitablarındakı bir hədis-i şərifdə deyilir: “Möminin firasətindən qorxun. Çünki o, Allahü təalanın nuru ilə baxır” adlanaraq Allaha və onun işlərinə aid olduğunu, ikincisinin isə maddi aləmdəki xarüküladə hal olduğunu vurğulayırlar. “Bu kəramət seçdiyi qullarına verildiyi kimi, kafirlərə də verilir” deyən müəlliflər istidracla bağlı fikirlərə zidd gedir və kafirlərə verilən “vergi”ni də kəramətin iki qolundan biri adlandırırlar. Bir tərəfdən övliyanın kəramətlərinə inanmağın lazım olduğunu, onlara inanmayanların əhl-i sünnətdən ayrıldığını yazır, digər tərəfdən ikinci qola inananları cahil adlandırırlar. Allahü təala özünə yaxın olan seçilmiş qullarına “vergi” verir. Allahın bütün insanlar üçün bir olduğunu nəzərə alsaq, o zaman qeyri-müsəlmanların da seçilmişlərinin bu qabiliyyətə sahibliyi mümkündür. Bir də ki, dəqiq sayları məlum olmayan peyğəmbərlərin 124 mindən çox olduqları söylənilir. Onlardan 313-ü və ya 315-i rəsuldur, yəni yeni din gətirən, qalanları isə nəbidir, yəni əvvəlki dini təbliğ edənlərdir. Rəsulların da altısı daha yüksəkdir, yəni Ülül-azmdir (Adəm, Nuh, İbrahim, Musa, İsa və Muhamməd Mustafa). Peyğəmbərlərdən 33-ü məşhur olsa da, onlardan yalnız 28-nin adı “Quran-i Kərim”də verilir. Adəmdən başlayaraq hər əsrdə dünyanın hər tərəfindəki insanlar arasında ən üstün saydığı birinə hami ruhlarla, mələklərlə xəbər göndərərək onların rahat yaşamaları üçün nə etməyin, nədən çəkinməyin lazım olduğunu bildirmək məqsədilə Allah öz təmsilçilərini seçir (“Peyğəmbərləri müjdə vermək və qorxutmaq üçün göndərdim” (Nisa surəsi, 164))… Yuxarıda əşyanın həqiqətini, iç üzünü görən, anlayan qəlb gözünə “bəsirət” deyildiyini qeyd etmişdik. Qəlb gözü ilə görmə, anlama və Rirasət də bəsirət adlanır. İmam-i Kuşeyri deyirdi: “Allahü təala möminlərə bəzi bəsirətlər və nurlar lütf etmişdir. Onlar bu sayədə firasət göstərirlər”. Yəni din adamları və dinimiz bəzi insanlara vergi, yəni qeyri-adi qabiliyyətin verilməsini inkar etmir. “Hilyet-ül-Evliya”da zikr edilən bir hədis-i şərifdə deyilir: “ümmətimin arasında hər zaman qırx adam olur. Bunların qəlbləri İbrahimin qəlbi kimidir. Allahü təala onlar vasitəsilə qullarından bəlaları uzaqlaşdırır. Bunlara “əbdal” deyilir. Onlar bu dərəcəyə namaz və orucla yetişmədilər”. Abdullah ibni Məsudun “Ya Rəsulullah! Nə ilə bu dərəcəyə yetişdilər?” sualına Peyğəmbər “Comərdlik və müsəlmanlara nəsihət etməklə yetişdilər” deyə cavab verir. Deməli, namaz qılmayıb, oruc tutmayanlar da müsəlmanlara nəsihət edə bilirlərmiş… Maddi aləmlə, dünya işlərilə əlaqəli adamlara “Kutb-ül-aktab” deyilir. Belə insanlar aləmin nizamı ilə əlaqəli, bolluq-qıtlıq, sağlıq, xəstəlik, barış-savaş, yağış və buna bənzər şeylərlə məşğul olan, qeybdən, yəni heç kimin tanımadığı Allah adamı olub əmrində üçlər, yeddilər, qırxlar… deyə söylənilən və bu işlərlə əlaqədar seçilmiş insanlar hər zaman olublar və hətta peyğəmbərin zamanında da vardılar. eyilənə görə, Əbdülkadir Geylani əlinin bir hərəkətilə yazılı kitabı pozub yerinə başqa şeylər yazdırardı, qəzəblənib yaslandığı yastığı yerə atarkən acıqlandığı şəxs ölərdi. O, insanın beynini təmizləyib yerini istədiyi şeylə doldura, həm də öləcəyi günü bilirdi. Geylaninin çox heybətli olduğunu yazırlar: “Cinlər də ondan çəkinər, itaət edib sözünü dinlərdilər”. Allahü təala sevdiyi qulun əmrinə bir çox insan və cin verir. Onun duası qəbul olunar, dua ilə xəstələri sağaldardı. Dəclə çayının artan suyunu durdura, eyni vaxtda bir çox yerdə görünə, gələcəkdən xəbər verə bilirdi. İslamda Allahın sevdiyi quluna verdiyi cinə şamanizmdə hami, qoruyucu, köməkçi ruh deyilir. Bununla belə bəzi dini kitablarda və ensiklopediyalarda yazılır: “Dörd məzhəbdən birini təqlid etmək caizdir. Bunun üçün qəbir ziyarət edənlərə, övliyanın məzarları ilə təbərik edənlərə, xəstəsi üçün bunlara nəzir deyənlərə mane olunmamalıdır. Niyyət (adak) edərkən övliyaya adak demək məcaiz olub türbəyə xidmət edənlərə adak deməkdir… Keçmiş övliyaya dil uzatmaq, onlara cahil demək, sözlərindən dinimizə uymayan mənalar çıxartmaq, öldükdən sonra da kəramət göstərdiklərinə inanmamaq və ölüncə vəliliklərinin bitdiyini düşünmək və onların qəbirləri ilə bərəkətlənənlərə mane olmaq, müsəlmanlara su-i zan, zülm etmək, mallarını qəsb etmək kimi, həsəd, iftira, yalan söyləmək və qeybət etmək kimi haramdır. Çünki bu vəlilərin, insanların İslam dini adına etdikləri bu işlər İslamın möhkəmlənməsinə, yayılmasına, rahatlıqla qəbul olunmasına şərait yaradırlar”. Doğrudan da pirlərə, ocaqlara gedən, ağaclara al-əlvan iplər bağlayan, müxtəlif müqəddəs saydıqları yerlərdə qurban kəsənlər, nəzir qoyanlar, hətta başqa dinə mənsub yerlərə pənah aparanlar da bunu İslam adına edir, üzlərini Allaha və həmin yerə tuturlar. Bu da şamanizmlə İslamın iç-içə yaşaması deməkdir. Bildiyimiz kimi, əgər bir din özündən əvvəlkini tamamilə məhv edə, xalqın adətindən, məişətindən ürəyindən çıxara bilmirsə, ondan öz məqsədləri üçün istifadə edir, onu özününküləşdirir...
↧