Səfir Andrey Karlov ziyalı və xeyirxah insan idi. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ötən gün Türükiyənin paytaxtında terror aktı nəticəsində dünyasını dəyişən Rusiya səfiri haqda danışarkən deyib: “O parlaq diplomat idi. Türkiyə hökuməti ilə yanaşı müxtəlif siyasi qüvvələrlə dostluq münasibətində idi və böyük nüfuza, hörmətə sahib idi”. Putinin barəsində çox xoş sözlər dediyi Andrey Karlov 1954-ci il fevralın 4-də anadan olub. 1976-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 1992-ci ildə Rusiya XİN-in Diplomatik Akademiyasında ikinci təhsilini tamamlayıb. Karlov 1976-ci ildən diplomatik xidmət göstərib. 1976-2008-cü illərdə XİN-in Mərkəzi Aparatında və xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışıb. 9 iyul 2001-ci ildən 20 dekabr 2006-cı ilə qədər Koreya Xalq Demokratik Respublikasında (KXDR) Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2007-2009-cü illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini kimi fəaliyyət göstərib. 26 yanvar 2009 – 12 iyul 2013-cu illərdə Rusiya Federasiyası XİN-in Konsulluq departamentinin direktoru vəzifəsində çalışıb. 12 iyul 2013-cü ildən Türkiyədə Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri idi.
↧