Azərbaycanda piylənmə xəstəliyinə tutulan uşaqların sayı məlum olub. Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən il 586 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Ötən il piylənmə xəstəliyinə tutulan uşaqların 274-ü qız, 312-si oğlan uşaqları olub. Ümumiyyətlə, 0-13-yaş arası uşaqlardan piylənmə xəstəliyinə tulanların 47,4 faiz qız, 52,6 faizi oğlan olub. WSEMIR.COM bildirir ki, 14-17 yaş arası yenitmələrdə isə xəstəliyə tutulanların 45,5 faizi qız, 53,2 faizi oğlan olub. Dietoloq Leyla Zülfüqarlı qeyd edib ki, piylənmə sonsuzluğun erkən yaşlarda qazanılmasına səbəb ola bilir: "Piylənmənin səbəbləri həddindən artıq çoxdur. Ən əsas səbəbləri isə qidalanmanın qeyri-düzgün şəkildə təşkilidir. Digər bir səbəb kimi isə hormonal statusda müəyyən dəyişikliyin olmasıdır. Bu kateqoriyaya aid olan piylənmə halları əsasən məktəbli uşaqlarda rast gəlinir. Piylənmə ən çox uşaqların cinsi yetişkənlik dövrünə təsadüf edir. Belə ki, 10-14 yaş dövrlərində uşaqlar piylənməyə qarşı çox həssas olurlar. Məhz bu dövrdə uşaqlar tez hazırlanan qidalara üz tutduqlarına görə bu təhlükə daha real olaraq mövcud olur. Qeyri-düzgün qidalanma ilə başlanan səhv daha sonra hormonal pozğunluqla nəticələnir. Bu isə artıq bir xəstəliyə çevrilən problem halına gəlir. Piylənmə bir xəstəlikdir. Piylənmə xəstəliyi olan orqanizm digər xəstəliklər üçün də açıq duruma gəlir. Piylənmə xəstəliyi şəkər, zob və s. xəstəliklər üçün münbit şərait yardır. Uşaqlarda piylənmənin qarşısını almaq üçün məktəblərdə düzgün qidalanma mərkəzlərinin olması zəruridir. Məktəb bufetlərində düzgün qidaların satılması çox önəmlidir. Nəzərə almaq lazımdır ki, piylənmə uşaqların zehni inkişafına da çox mənfi təsir edir. "Fastfood" yeməklərinin tərkibində elə qatqılar var ki, o qidalar da insanın sinir sisteminə çiddi olaraq təsir edir. Bu baxımdan gələcək nəsillərin sağlam olması üçün bu yaş qruplarının qidasına ciddi yanaşmaq lazımdır. 10-14 yaş dövründə yaranan xəstəlik uzun zaman insan orqanizmində qalır. Hətta piylənmə sonsuzluğun erkən yaşlarda qazanılmasına səbəb ola bilir. Eyni zamanda qız uşaqlarında bədənin tüklənməsinə gətirib çıxardır ki, artıq bu hala tez-tez rast gəlinir. Oğlanlar arasında süd vəzisinin böyüməsinə gətirib çıxardır. Bütün bu neqativ hallardan uzaq olmaq üçün qidalanma mədəniyyətinin formalaşmasına diqqət yetirmək lazımdır".
↧