Bir müddət bundan öncə teatrsevərlərə təqdim olunan “MimOda 18+” tamaşasının odu sönsə də, tüstüsü hələ çıxmaqdadır. Yaranan narazılığın kökündə isə bir şey dayanır-mentalitet, milli dəyərləri olan Azərbaycan xalqının teatr səhnəsində erotika olmamalıdır. “ODA” teatrının bədii rəhbəri Elmin Bədəlov müsahibəsində sinəsinə döydü ki, yaxın vaxtda cəmiyyətin erotika ilə bağlı kompleksini sındıracaq. - “MimOda 18+”ə müraciət edəndə cəmiyyətdən özünüzə qarşı hansı təpkilər gözləyirdiniz? - Biz cəmiyyətdən özümüzə qarşı bu reaksiyaları gözləyirdik. Azərbaycan cəmiyyətinin reallığını hər kəs bilir. Bizim cəmiyyətin kompleksi və mentalitetə bağlı olduğunu hamı düşünür. Hamı kimi mən də bu tamaşanı hazırlayanda düşünürdüm ki, problemlər olacaq. Hətta bəzən mən küçədə gedərkən belə ətrafıma baxıram. -Yəni, qorxursunuz... -Deyirəm ki, kimsə məni “bu nə tamaşadır oynamısınız” deyə daşa basacaq. Söyüş, təhqir olacağını da gözləyirdik. Bunlar da həqiqətən oldu və bu gün də davam edir. Avqustun 8 və 9-da “MimOda 18+” tamaşası təkrar nümayiş olunacaq. Biz qorxmadan, çəkinmədən yolumuza davam edəcəyik. Hazırda yol üstəyik. Fransada keçirilən küçə festivalına dəvət almışıq, oradan qayıdandan sonra isə tamaşanın təkrar nümayişinə başlayacayıq. Biz kimlərdənsə qorxsaq, çəkinsək, gərək, bu yoldan dönək. Düşünürəm ki, biz bu tamaşanı oynamaqla Azərbaycan cəmiyyətində illərdir ki, dərin iz salan kompleksi kökündən sındırmış olduq. - Deyirsiniz ki, bütün kompleksləri sındırdınız, yəni bundan sonra “MimOda 18+” kimi tamaşalar Azərbaycan teatr ocaqlarının səhnələrində yer alacaq? - Tamamilə deməzdim, bunun üçün çox proses və illər lazımdır. Düzdür, bəzən insanlar deyir ki, siz Azərbaycan teatr sənətində böyük dəyişiklik etdiniz. Mən isə bununla razı deyiləm. Mənə elə gəlir ki, hətta mən bu mövzuda yanılıram, yəni komplekslər tamamilə sınmayıb. Hələ də davam edir. Bunu tamaşadan sonra Azərbaycan aktrisalarının mətbuata verdiyi müsahibələrindən də aydın görmək olur. Mən onların müsahibələrində səsləndirdiyi fikirlərinə baxdım. Doğrusunu deyim ki, mən belə onların bu qədər kompleksli olduqlarını bilmirdim. Onlar öz bədənləri haqqında kompleksizdirlər. Aktrisalar səhnədə soyunmaq haqqında ,ümumiyyətlə, incəsənətdə erotikanın olması barədə danışmaqdan belə çəkinirlər. - Məsələn, hansı aktrisa öz bədəni haqqında danışmaq istəmir? - Çox təəssüfləndim ki, Xalq artisti Amaliya Pənahova bu mövzuda danışmaq istəmir. Bir az da gülməli gəldi ki, niyə Amaliya xanım bu barədə danışmaq istəmir? Yəni Azərbaycan aktrisalarının hələ də kompleksləri var. Biz bunun müəyyən bir hissəsini sındırdıq. Hələ rahat şəkildə erotik səhnəni Azərbaycanda hər hansı bir teatrın qurması kimi halın yarandığını demirəm. Bu hələ ki baş tutmayıb. Amma biz davam edirik. Düzdür, biz təkik, başqa teatrlarda bu yoxdur. Azərbaycan teatr sənət dünyasında bu təkcə Elçinin “Qatil” tamaşasının ayrı-ayrı səhnələrində baş verib. O da ki bizim tamaşaya nisbətdə çox qısa olub. Bizim tamaşa əsas erotikaya dayansa da, “Qatil” tamaşasında bunun müəyyən qismləri də vardı. Elə başa düşürəm ki, bu hələ başlanğıcdır. Bizim mentalitetdə, komplekslərin sındırılmasında ilkin addımlarımızdır. Mənə elə gəlir ki, bu addımları daha çox atmalıyıq. İncəsənət insanları bizə dəstək olmalıdırlar ki, həm onların kompleksləri ortadan qalxsın, həm də cəmiyyətin özünün komplekslərini sındıraq. Onlar bizi söyməsin, ümumiyyətlə, aktyor və aktrisaya normal düşüncə ilə yanaşmağı biz onlara başa salmalıyıq. - Hələ bir neçə il bundan əvvəl “Sergey Moqlivetsin “Lütlər” pyesinə müraciət etmişdiniz. “Lütlər” tamaşasında ilk rol alan azərbaycanlı aktrisa uzun məşqdən sonra ailəsinin təsirindən obrazı oynamaqdan imtina etmək zorunda qaldı. Sizcə “MimOda 18+” tamaşasından sonra Azərbaycan aktrisaları rahat şəkildə belə obrazlar oynayacaqlar? - Mən tamaşadan sonra Azərbaycan aktrisalarının açıqlamalarını izlədim. Düzdür, əksəriyyəti dedi ki, bu əxlaqsızlıq, tərbiyyəsizlikdir. Bu sözlər deyilsə də, yaranmış mənzərənin bir xeyri var. Gələcək üçün asanlaşdı ki, aktrisalar erotik səhnələrə çəkilməyə, açıq-saçıq oynamağa alışqan olsunlar. Məsələn, “Qatil” tamaşası. Bir neçə dəfə o tamaşaya baxmışam. Bizim tamaşadan əvvəl mübahisə yaradan “Qatil” oldu. Orada aktrisa Münəvvər Əliyeva oynayır. Tərəf müqabili Münəvvər xanımı ev boyu sürüyəndə onun paltarı yuxarı qaçdı və ayaqları göründü. Münəvvər Əliyeva sürüdüldüyü halda tamaşaçı qarşısınıda əlini uzadıb paltarını aşağı çəkməyə çan atırdı. Bu nədir? Guya real həyat? - Deməli, Elçinin “Qatil”ində Münəvvər Əliyeva real həyatı oynaya bilməyib? - Teatra reallığı gətirmək lazımdır ki, insanların teatra marağı artsın. Orada bir reallığı, həyatın özünü görsün. Amma Münəvvər xanım əli ilə paltarını aşağa dartırsa, onun fikri səhnədə deyil, ayaqlarının çöldə qalmasındadır. Bir kişi ilə qadın həyatda mübahisə edəndə, o qadını yerdə, torpaqda sürüyəndə paltarını örtmək haqqında düşünmür. Çünki həmin qadın o kişinin yatdığı şəxsdir. Əgər o, həmin kişi ilə yatıb, sevişirsə, sənin bütün bədənini bilir. Üstəlik, kişi onu yerdə sürüyəndə, o paltarını dartmaq deyil, imkan tapıb mübahisəyə qatılır. Real həyatda vəziyyət budur. Əgər sən erotik, sevişmə səhnəsində oynamağa razı olmusansa, orda kiminsə ayaqlarının çöldə qalması haqqında düşünməsi reallıqdan uzaqdır. Münəvvər xanım deyir ki, “kimin bədəni uyğundursa soyunsun”. Burada təkcə bədən məsələsi deyil. Düzdür, təbii estetika həmişə maraqlıdır. Əgər sən bu sənətdəsənsə soyunmalısan. Bədənində hər hansı kobudluq olmamalıdır. Ümumiyyətlə, aktyor və aktrisanın kompleksi olmamalıdır. “Lütlər” tamaşasını hazırlayacaydıq, aktrisa tapmadıq. Tamaşada aktyor və aktrisa lüt olmalıdır, onların üzərində heç bir parça da yox idi. Mən aktyor olaraq, bunu oynamağa razı idim. Təbii, ola bilsin deyəcəydilər ki, “ona nə var, oğlandır”. Bizim cəmiyyətdə belə qarşılanır. Oğlan ya qız, hər ikisi insandır. Mən aktrisa da olsaydım, anadangəlmə lüt bu tamaşada oynayacaqdım. Bizim 18+ tamaşamız cəmiyyətin kompleksinin həllinə çalışdı, amma problemi kökündən həll etmədi. Həll etməyibsə, artıq biz bunu təkrar-təkrar etməliyik. Sənətə açıq-saçıq səhnələr gətirməliyik. Bəlkə səhnəyə aktyor və aktrisaları tamamiylə lüt çıxarmalıyıq. Hər hansı erotika, sevişmə səhnəsi ilə deyil, ümumiyyətlə, aktyor lüt halda səhnədə olmalıdır. Aktyorun cinsiyyət orqanlarına kimi görsənməlidir ki, bəlkə o zaman cəmiyyətdəki kompleks sınmış olar. Bu məsələdə bizə aktyor və aktrisalar, sənət adamları dəstək olmalıdır. Biz bu kompleksi sındırmasaq cəmiyyəti xilas edə bilmərik. Mən baxıram ki, Xalq artistləri var, məsələn Ramiz Məlik. Düzünü deyim ki, mən onun belə açıqlama verməyini yaraşdırmadım. Mən gözləyirdim ki, Xalq artistləri bizə bu yolda dəstək olsunlar. Hətta mən fikir vermişəm ki, Ramiz Məlik internetdə qız şəkillərinin altından “bomba şeydir” kimi ifadələr yazır. Ağsaqqal adama yaraşmayan ifadələrdir. Amma bu adam mətbuata deyir ki, “açıq-saçıq səhnələr olmaz, mentalitet var, Azərbaycan qızları tərbiyyəlidir”. Bunu necə başa düşək? İnsanlarda belə bir fikir var ki, Xalq artisti nəsə deyirsə, onun dedikləri həqiqətdir. Amma Xalq artisti olmayan insanın dediyini qəbul eləmirlər. Mən bu barədə öz fikrimi yazanda “Azdrama”nın aktyor və aktrisaları dedi ki, “sənin bu mövzuda danışmağa yaşın çatmır”. Söhbət yaşdan getməməlidir. Bu danışıqların hamısı bizim cəmiyyətin problemləridir. Biz bunları aşmalıyıq. Əgər bunu aşa bilməsək mədəniyyətin hansı inkişafından danışa bilərik? - Amma kinoşünas Ayaz Salayev tamaşa haqqında yüksək fikirlər dedi. Tamaşa, aktyorlar qaldı bir yanda, cəmiyyət Ayaz Salayevi qınadı... - Ayaz müəllim tamaşa ilə bağlı ümumi fikirlər demişdi. Ayaz müəllim demirdi ki, bütün aktrisalar bu dəqiqə soyunmalıdırlar. O, bizim tamaşada oldu və həqiqətəndə fikir verdim ki, Ayaz müəllim təsirlənmişdi. Bildirib ki, rola hazır olmalısınız, rejissor təklif etsə ki, soyunun, bu etirazla qarşılanmamalıdır. Aktyor həmin anda soyunmalıdır. Sadəcə onun fikrini də başqa səmtə yönəltdilər. İnsanlar fikirləri pis təqdim edib, pis səmtə yozurlar. Aktyor istənilən rola hazır olmalıdır. Rejissor dəvət aldığım rolda desə ki, sən anadangəlmə lüt olmalısan, ssenariyə baxıb görsəm ki, bu sistemlənmiş şəkildədir, vəssalam. Soyunacağam, soyunmaq bütün aktyorun işidir.
↧