Bu ənənənin özü qədər maraqlı tarixi və yan təsirləri var . Oktyabrın 25-də Azərbaycan qış vaxtına keçdi. Bu gün saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv edildi. Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, ölkədə hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtı tətbiq edilir, oktyabr ayının son bazar günü isə əqrəblər bir saat geri çəkilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gerçəkləşdirir. BU ƏNƏNƏNİN TARİXİ 1908-Cİ İLDƏN BAŞLANIB Bilməyənlər üçün tarixə qısa ekskursiya. 1981-ci ildən dünyanın 76 ölkəsində yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif edib. İngiltərədə ilk dəfə saatlar 1908-ci ildə çəkilib. Azərbaycanın daxil olduğu Rusiya İmperiyasında isə bu hadisə 1917-ci il iyulun 1-də Müvəqqəti Hökumət tərəfindən tətbiq edilib və ölkə yay vaxtına keçib. Həmin il dekabrın 27-də isə yenidən qış vaxtına keçilib. Sovet dövrünün ilk 10 ilində, yəni 1930-cu ilə qədər vəziyyətin necə olduğu qaranlıqdır. Amma 1930-cu ildə saatların əqrəbinin sabit saxlanması barədə sərəncam verilib. Bu, artıq bir klassikaya çevrilib. Azərbaycana qonşu ölkələr – Rusiya, Gürcüstan, Ermənistan saatların əqrəblərini irəli-geri çəkmək praktikasından imtina qərarı veriblər. Bu ölkələrdə yay və qış vaxtları anlayışı ləğv olunub. Daha uzaq ölkələrə gəlincə, Puerto-Riko, Virciniya adaları, Estoniya, Sinqapur, Çin, Türkmənistan, Özbəkistan, Tacikistan da saatların əqrəbləri ilə oynamaqdan imtina edib. RUSLAR NİYƏ BUNDAN İMTİNA EDİR? Rusiyada aparılan araşdırmalara və statistikaya əsasən, yay vaxtına keçidin ilk beş günündə, infarkt səbəbindən ölüm halları 75 faiz, digər səbəblərdən ölüm halları 12 faiz artır. Aparılan sorğunun nəticələrinə əsasən müəyyən olunub ki, saat əqrəblərinin çəkilməsi daha çox uşaqlara və xəstələrə mənfi təsir göstərir. Rusiyanın Tibb Elmləri Akademiyasının alimlərinin apardığı elmi araşdırmaya əsasən, qışdan sonra insanın orqanizmi zəifləyir, ona görə də saatlara müdaxilə edilməsi, onların irəli-geri çəkilməsi məsləhət görülmür. Alimlərin fikrincə, bu zaman daha çox xroniki xəstəlikləri olan insanlar əziyyət çəkir. Daha da dəqiqləşdirsək, saat əqrəblərinin çəkilməsi infarktların sayını 1,5 dəfə artırır; intiharların sayı 0,66% artır; təcili yardıma müraciətlərin sayı 3.5 % artır. Buna səbəb kimi göstərilir ki, insan orqanizminin öz bioloji saatı var və yay-qış vaxtına keçidlə əlaqədar olaraq bəzi insanlarda təzyiq qalxır, stress yaranır, yuxu rejiminin pozulması halları baş verir, ürək-damar xəstəlikləri yaranır, immun sistemi, maddələr mübadiləsi pozulur. Yay vaxtına keçilməsi hətta qadınlarda hormonal dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da qadınların uşaq dünyaya gətirmə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Amma bu dəyişiklik insan psixologiyasından da yan keçmir. Belə ki, insanlar öz “daxili saatlarına” uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına zərbə vurur, yuxusuzluq yaradır. Adaptasiya problemi olanlar isə bu mərhələni olduqca çətinliklə adlayırlar. Bundan başqa, uşaqlar, əlillər və meteohəssas insanlar, ürək çatışmazlığı olan şəxslərin də yeni “əqrəblərlə tanışlığı” bir həftə vaxt aparır. Amma saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur. Çünki orqanizmin adaptogen reaksiyaları var və onlar xarici mühitə uyğunlaşmanı təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur. “ƏQRƏBLƏRDƏN” XİLAS YOLU NƏDƏDİR? Psixoloqlar hesab edir ki, payızda vaxt keçidi depressiya xəstəliklərinə tutulmuş insanların halını pisləşdirdiyi üçün sonuncular öz-özlərinin həkimi olmalıdır. İlk 5 gündə yuxunun artırılması, işdən icazə, tam istirahət insanı əqrəblərlə “savaşdan” qoruya bilər. Bundan başqa, adaptasiya dövründə həm evdə, həm də işdə fiziki və mənəvi yükü azaltmağa çalışmaq lazımdır. Əgər imkan varsa, ağır olan işləri təxirə salmaq, orqanizmə daha çox yatmağa icazə vermək lazımdır. Qidalanma da bu məsələdə vacib rol oynayır. Daha çox vitamin, xüsusilə C vitamini qəbul etmək insanın gücünü artırır. BUNDAN ANCAQ İQTİSADİYYATI GÜCLÜ OLAN DÖVLƏTLƏR İSTİFADƏ EDİR İqtisadçılar isə hesab edir ki, saat əqrəbinin geri və ya irəli çəkilməsi üsulundan əsasən iqtisadiyyatı güclü olan dövlətlər istifadə edir. Çünki həmin dövlətlərdə enerjidən çox istifadə olunur və vaxtı tənzimləmək üçün Sovet məkanında da bu üsuldan istifadə olunurdu və post sovet ölkələrinin əksəriyyətində hələ də tətbiq olunur. Qeyd edək ki, bu il fevralın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Yay-qış vaxtına keçid haqqında” adlı elmi məruzəyə həsr edilmiş iclası keçirilmişdi. İclasda yay və qış vaxtına keçidin bir sıra ölkələrdə ləğv olunduğunu nəzərə alan alimlər Azərbaycanda da yay və qış vaxtına keçidlə bağlı bir sıra təkliflər səsləndirmişdilər. AMEA-nın Rəyasət Heyəti Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğv olunması məsələsinə baxaraq, belə bir qərar qəbul edib ki, yay və qış vaxtının tətbiqi ləğv olunsun. Və bununla bağlı Nazirlər Kabinetinə müraciət olunmuşdu. Amma Nazirlər Kabineti AMEA-nın Rəyasət Heyətinin müraciətinə cavab verməyib. Mir.Az
↧